Əvvəlcə başlayaq müasir feminizmi anlamaq üçün fəlsəfi fikirlərdən
Bu sözü bir çoxunuz mənfi anlayış kimi qəbul edirsiniz və marksizm, sosializm və d. bu kimi ali ideologiyalar haqqında heç nə bilmədən, araşdırmadan bunlara necə neqativ yanaşırsınızsa, feminizm ideyasına da elə nifrət edirsiniz. Hətta bəziləri hələ də elə bilir ki, feministlər ancaq qadınlardan ibarət bir kütləyə xas cərəyandır. Bu belə deyil və əgər siz hal-hazırda bu yazını XIX əsrdə oxumursunuzsa, onda bunun belə olmadığı fikri ilə də razı olmalısız.
Çağdaş fəlsəfi ədəbiyyat feminizmi qısa şəkildə belə
tərif edir: cəmiyyətdə, iqtisadiyyatda, siyasətdə, o cümlədən insan fəaliyyətinin
bütün istiqamətlərində qadınların kişilərlə bərabər haqlara sahib olması məfhumu
feminizm cərəyanı adlanır. Bunu indi fikir ayrılığı yaratmamaq üçün "gender
bərabərliyi" kimi də səsləndirirlər. Sözsüzki bura təbiətdən irəli
gəlmiş genetik natural bərabərsizliklər aid deyil (məsələn, kişilərin əzələ və
sümük sisteminin daha kobud olması, qadınların bioloji ağrıya və soyuğa daha
dözümlü olması və s.)... Ona görə bu tərif həm çox primitiv, həm çox qəliz,
həm çox səhv, həm çox düzgün səslənir, amma bu problem bu bloqun mövzusu
deyil.
İndi yazacağım cümlə biraz qəliz və uzun səslənə
bilər amma ən yaxşı halda belə ifadə edə bildim:
Mən cəmiyyətdə "gender bərabərliyi" anlayışını dəstəkləsəm də, hələlik bu ideologiyanın utopik səsləndiyini və cinslərə bərabər şəkildə rəftar edildiyi cəmiyyətin qurulmadığını nəzərə alaraq, qadınların və qadın problemlərinin indiki günümüzdə kişilərdən və kişi problemlərindən daha çox qabardılması zərurətinə inanıram. Bu bir o qədər də "gender bərabərliyi" fikri ilə səsləşmir, haqlsınız. Amma bir də buna indiki hal-hazırdakı cinslərin qeyri-bərabərliyini aradan qaldırmaq üçün tərəzinin yüngül hissəsinə daha çox diqqət kütləsinin əlavə edilməsi prosesi kimi baxın.
Bu ideologiyanı Amerikada zəncilərə əsrlər boyu
davam edən irqi ayrıseçkilikdən sonra, irqi bərabərliyin bərqərar etmək üçün hal-hazırda
tünd-rəngli dəriyə sahib insanların problemlərinin cəmiyyətdə digərlərindən
daha çox qabardılması halı ilə müqayisə etsəz nə demək istədiyimi daha yaxşı
anlaya bilərsiniz.
Davamlı gələcək
üçün feminizm
Mənə elə gəlir ki, Azərbaycanda indiki dövrdə bizim
hamımız feminist olmalıyıq. Bu müasirliklə və ya yenilikçiliklə əlaqəli bir şey
deyil, bu, təbii zərurətdir. Hərdən düşünürəm ki, bizim xalqın “sosial inkişaf
yaşı” hələ feminizmə, qadın azadlığına və bu formada olan digər azadlıqları qəbul
etməyə hazır deyil. Amma heç olmasa indidən sonra övladlarınızı bu fikirdə
böyüdün! Onları gələcək üçün yetişdirin. Uşaqlarınız geri dönüb 100 il əvvəldə
yaşamayacaqlar, ona görə onları 100 il gələcək üçün böyüdün, yox olmuş, geri
qayıtmayacaq keçmiş üçün yox! İstər oğlan və istər sə də qız övladlarınıza
öz davranışlarınızla nümunə olun.
“Kişi
kimi qızdır e!”
Başlayaq ən bəsit və məni narahat edən bir məqamdan:
Çoxunuz müsbət mənada, hardasa iradəli, qüvvətli və ya sərbəs bir qadın görəndə
belə deyirsiniz: “lap kişi kimi qızdır”. Deməli, qadın bu xüsusiyyətlərə bir
xanım kimi malik ola bilməz, və belə müsbət tərifədar cəhətlər yalnız kişilərə
xas şeylərdir. Bu qətiyyən belə deyil. Ona görə mən düşünürəm ki, bu sözdən tərif
və kompliment kimi istifadə etmək düzgün deyil. Eyni cümlədən, “kişi kimi oyna”,
“əsl kişi kimi vuruşur”. İnsanlar arasında kim nəyisə daha yaxşı edirsə, bunun
kişi cinsinə xas xüsusiyyət kimi təqdim edilməsi, digər insanlarda, xüsusilə də
uşaqlarda, kişilərin qadınlardan hər şeyi daha yaxşı edə biləcəyi kimi yanliş şüuraltı
fikir formalaşdırır. Odur ki, bu sözdən istifadə haqqında öz vərdişlərinizi
yenidən nəzərdən keçirin.
Cılız
hörmət və axmaq mentalitetiniz
Bizim kişilər hər nə qədər basqı altında yaşayırsa,
xanımlarımız bundan dəfələrlə daha çoxuna dözməli olurlar. Qadınların Azərbaycan
cəmiyyətində və dünyanın bir çox ölkəsində olduğu kimi hər cür haqsızlıqla,
mühakimələrlə, ədalətsizliklə hər gün rastlaşdığını yəqin ki, hamınız bilirsiniz.
Sizin qadınlara hörmət anlayışınız onalra avtobusda yer vermək fikri ilə məhdudlaşır.
Bu gülüncdür! Və özünə avtobusda yer verilməsi ilə eqosu yerə göyə sığmayan,
özünə hörmət edilmiş hiss edən xanımlara da heç bilmirəm nə deyəm!
Bizdə belə bir stiqma var ki, qadınlar həmişə
sakit, başıaşağı, tərbiyəli, hamının sözü ilə oturub duran şəxslər olmalıdır.
Sevgilisi olan xanımların bir çoxu həmişə partnyorlarından icazə alırlar nələrisə
- geyimi, harasa getməyi, nəsə almağı, gəzməyə çıxmağı, kimlərləsə görüşməyi və
s. Eyni şeyi isə kişilər özlərinə etməyi sığışdırmırlar. Mənim bu şeylər
haqqında şəxsi fikrim var, amma ümumi olaraq mən demirəm ki, bunlar səhv hərəkətlərdir,
əksinə düşünürəm ki, belə hərəkətlər əksinə çox gözəldir, LAKİN və AMMA əgər
siz - kişilər, qadınlardan bu şeyləri etməyi gözləyirsinizsə, özünüz də eyni
şeyləri qadınlar üçün etməlisiniz! Bu, qarşılıqlı olmalıdır.
Xüsusilə rayonlarda yaşayan xanımlar kişilərdən və
eləcə də hətta digər öz həmcins cahil qadınlar tərəfindən mühakimə edilməkdən (qınanmaqdan)
o qədər qorxurlar ki, normal şəkildə istədikləri kimi yaşaya bilmirlər. Mən
xatırlayıram İsmayıllıda mən işləyəndə kursun əksəriyyətinin xanım olması, mənim
üçün nə qədər problem yaradırdı. Xanımlar özləri özlərinə cavabdeh ola
bilmirdilər. Mən atalarla, ərlərlə, sevgili oğlanlarla, qaşrdaşlarla hər dəfə
görüşməli olurdum! Hətta bir dəfə mənim haqqımda şikayət etmişdilər ki,
"bu nədir, bütün günü qız uşaqları, "kadın xeylaxları" əllərində
dəftər-kitab səhər tezdən küçə başı üzü yuxarı, üzü aşağı" ....
hahah !!! Əlində
dəftər-kitab tutan xanımları qınayan şəxslər! I feel really sorry for you, a
bunch of uneducated pity riff-raff!
Seksual inqilab
Bəziləri hətta bu
sözün özündən qorxurlar! "Seks" sözünə tabu kimi baxırsınız və
məktəblərdə, universitetlərdə bu sözü istifadə etməyi eyib hesab edirsiniz! Mən
başa düşürəm ki, ölkəmizdə hələ seksual inqilab baş verməyib. Bundan bəlkə də hələ
çox uzaqdayıq. Ona görə bu haqda danışmaq istəmirəm. Əvvəlcə qadınlar üçün digər
bərabərlik amilləri öz yerini tapmalıdır ki, psixoloji fikir, düşünmə tərzi
seksual bərabərlik məfhumunu anlaya bilsin. Hələliksə siz kişilər bilməlisiniz
ki, bu o demək deyil ki, hansısa xanımı geyiminə, hərəkətlərinə, küçədə gülməyinə,
siqaret çəkməyinə, içki içməyinə və ya başqa bir amilə görə qınayasınız və
onlara cürbəcür rəzil etiketlər vurasınız! Hətta xanım bunları hər hansı başqa
məqsəd üçün (məsələn, sex work, gecə kulubu rəqqasları, strip rəqqaslar və s.)
də etsə, sizdən tələb olunan özünüzü insan övladı kimi aparmaqdır, meşədən
çıxmış qadın üzü görməmiş mauqli kimi yox!
Hərdən FB-da belə
mövzulara yazılmış postlara şərhləri oxuyuram, mənə bu cür insanların necə
formalaşdığını anlamaq çətin gəlir . "Kişi qadınına nəzarət
etməlidir" , "qız uşağının orda nə işi var", "bir xanıma
yaraşdırmıram güləşməyi", "qadın çağırmasa, kişi heçnə eləməz",
"qadın hara, futbol hara".... və digər onlarla belə axmaq, cinsi
ayrıseçkiliklə dolub-daşan yazılar. Xüsusulə,
İstanbulda gece klubunda baş vermiş
teraktda vəfat edən azərbaycanlı xanıma yazılan şərhləri mən oxuyanda, belə
insanlara ikrah hissim dəfələrlə artdı!!! Kişilərin və qadınların
seçimlərində və istəklərində eyni hüquqlara sahib olması hamıya ailədən və
məktəbdən öyrədilməlidir!
Qızlar sərbəs yalnız özündən asılı şəkildə yaşamalıdır
Bir çox gənc xanımlar
xaricdə oxumağa, xarici ölkələrə səyahət etməyə xəyal kimi baxır - çünki
yetişkin şəxs olmasına baxmayaraq evdən qardaşı, atası, dayısı, əmisi, qonşusu
Mirməmməd dayı, icazə vermir! Amma halbuki eyni şeyləri etmək üçün oğlanların
heç kəsdən icazə almasına ehtiyacı yoxdur. Niyə qızlarınızın daha dünya
görüşlü, daha maraqlı insan olmasını istəmirsinizʔ! Nə üçün oğlanlarınıza güvənirsiz,
amma qızlarınıza yoxʔ Bu suallar haqqında hərdən bir fikirləşin! Yəqin ki,
verdiyiniz tərbiyəyə, övladınıza valideyn kimi sevgi göstərib göstərməməyinizə əmin
deyilsiniz!
Gənc qızlara
evdarlıqdan başqa heçnə öyrətmirsiniz. Elə təsəvvür edirsiniz ki, mənim qızım ərə
gedəcək, o ərinə yemək bişirəcək, uşaq doğacaq, paltarların yuyacaq - vəssəlam!
Qızıma əri baxacaq, neynir təhsili, işi ¿! Bu cahilliyin ən öndəgedən nümunəsidir!
Biz öz qızlarımıza sərbəs yaşamağı, azad qadın olmağı, öz-özünü maddi-mənəvi təmin
etməyi öyrətməliyik. Ömür boyu valideynlərdən asılı yaşamaq ənənəsini gərək biz
çoxdan silək həyatımızdan!İcazə verin qızlarınız mühəndis, futbolçu, güləşçi,
pilot, sürücü, olsun – təkcə ibtiadi sinif müəlliməsi və tibb bacılığı yox!
Qızlarınızı gələcəyin
liderləri kimi inkişaf etdirin, çünki bir uğurlu qadının cəmiyyətdəki təsir rezonansı
çox genişdir. Bir qadının ictimai vətəndaş quruculuğunda rolu, mənə elə gəlir
ki, kişilərdəkindən daha çoxdur. Bunu elm də təsdiq edir, məsələn, xanım
Elizabet Gidengil öz “Gender və sosial kapital” kitabında qeyd edir ki, eyni səviyyədə
təhsilə malik kişilər və qadınlar arasında aparılan sosial araşdıraya görə, uğurlu
qadınların öz ətrafındakı insanları da uğur qazanmağa həvəsləndirməsi və bu
yolda onlara kömək etməsində rolu, kişilərdəkindən xeyli yüksəkdir. Bunu, xanım
Gidengil qadınların cəmiyyətin sosial təkamülündə psixoloji və mənəvi baxımdan kişilərlə
müqayisədə daha çox simpatetik vərdişlərinin formalaşması ilə əlaqələndirir. Başqa
sözlə, qadınlar qarşı tərəfi kişilərdən daha yaxşı anlayır, onların mənəvi işgəncə
və sevinc hisslərini kişilərdən daha yaxşı hiss edə bilir.
Boşanmış xanımlar - siz bu ölkədə hamıdan daha güclü və hörmətlisiniz! 💪
Lənətlədiyiniz, pislədiyiniz bir şey də var - boşanmış
xanımlar. Əgər oğlunuz boşanmış bir xanımla evlənmək istəyirsə, özünüzü
cırıb dağın başına qoyursunuz ki, OLMAZ! Sizin gözünüzdə bir qadın boşandısa o,
artıq heç kəslə ünsiyyətdə əlaqədə ola bilməz! Azərbaycan cəmiyyətində böyüyənlər
bilir ki, boşanmaq nə qədər qadınlarımız üçün riskli bir addımdır. VƏ bir də
düşünün ki, cəmiyyətin belə çirkablı tərəfini bilə-bilə boşanan qadınlar nə qədər
əzab çəkib ki, onlar yenə də boşanmağı gözə alıblar! Biraz mərhəmətiniz və
anlayışınız olsun. Həyatda heç kim heç nədən sığortalanmayıb, sabah eyni şey
sizin özünüzün, öz övladınızın da və ya çox sevdiyiniz bir insanın başına gələ
bilər. Belə biyabırçı yanaşma tərzi olan insanların fikirlərini də müsbət
istiqamətə dəyişməyə çalışın, izah edin bəlkə də həmin şəxsə indiyədək belə
şeyləri izah edən heç kəs olmayıb.
Xəyanətin qadın və kişi forması! Püffv!
Mənə ən gülməli gələn
şeylərdən biri də xəyanətin qadın və kişi formasıdır. Əgər bir xanım, öz
sevgilisindən və ərindən başqa birisi ilə yatırsa bu fahişəlik hesab
edilir, amma əgər eyni şeyi bir kişi edərsə bu yox. Xəyanətin cinsi yoxdur!!! -
bunu edən qadın nə qədər mühakimə edilirsə, bunu edən kişilər də bir o qədər də
qınanmalıdır. Bəziləri belə deyir: "kişi üçün nə fərqi varki, ona
olar!". Bunu deyənlərin bundan daha da dayaz fikrə sahib
olacağına inanmıram.
Soyadı sevdanız
Sizin bu soyadı
sevdanızı da anlamış deyiləm. Qız övladınız olmasa da olar, amma mütləq
uşaqlarınızdan biri oğlan olmalıdır. Buna görə nə qədər ailə öz qız övldlarını
abort edirlər və buna görə də cəmiyyətdə ciddi qadın-kişi bərabərsizliyi
formalaşır.
Biraz özünüzü
insan olaraq təkmilləşdirin! Soyadınız tutaq ki, davam etdi, sonraʔ Siz qəbirdə
torpağın altında olandan sonra sizin soyadınızın davam etməsi nəyə və kimə
lazımdırʔ Ümumiyyətlə mən hələ də başa düşmüş deyiləm ki, nə üçün qadınlar və
nigahdan doğulmuş uşaqlar kişi-ata soyadını götürür amma ana soyadı itir. Məncə
bunun daha ədalətli forması tapılmalıdır (bəlkə də var artıq) və ya bu,
uşaqların öz seçiminə buraxılmalıdır. Kişi heç nəyi ilə qadından daha
üstün deyil! Qadın da kişidən!
Qadınlar
= cəmiyyətin özülləri və sütunları
Bir amili heç vaxt - Unutmayın ki, qadınlar cəmiyyətin qurucusudur. Hamımız
bilirik ki, övladlarımızın tərbiyəsində xanımlarımızın rolu daha həlledicidir.
Ona görə qadın azadlıqlarının təmin olunmasında məhz siz xanımlar özünüz daha vacibsiniz.
Yetişdirdiyiniz övladlarınızı – xüsusulə də oğlanlarınızı qadın liberallığına
hazır böyütməlisiniz. Bunu 1-2 aya, 1-2 ilə etmək mümkün deyil... Belə sosioloji
təkamüllərin baş tutması üçün keçmiş dövrlərdə yüzilliklər, minilliklər
lazım olub amma indiki rəqəmsal imkanlarla dolu olan müasir təhsilli dünyada
bunu 5-10 ilə hamımız birlikdə tam bacara bilərik!
Sonda həmişə çox sevdiyim qadın hüquqları müdafiəçisi
Betty Friedan tərəfindən deyilmiş 2 çox bəyəndiyim fikri diqqətinizə çatdırmaq
istəyirəm:
Sizdən əvvəlki cəmiyyətdə məhz yüzillərlə qadınlara münasibətin
belə qeyri-bərabər olması sizin də bununla mütləq barışmağa məcbur olmanız
anlamına gəlmir! Gəlin gender bərabərliyini özümüz öz ailələrimizdən və ətrafımızdakı
tanışlarımız və dostlarımızdan başlayaq! Bu işdə hər birinizə uğurlar! 🙏🏻
RP ✍️
cox beyendim yazinizi. bezi yerlerine goturdum icaze versez sevinerem)
ReplyDeleteSalam :) təşəkkür edirəm, əlbəttə buyurun.
DeleteRəşad Paşayev sizin kimi Dünyada yaşayan Azərbaycanlıya halal olsun.Siz qurur duyulası gəncsiniz.
ReplyDelete